"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mingəçevir “Yerli Demokratiya Həftəsi” uğurla başa çatıb

--2017-11-06 / 17:56

“Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir bələdiyyəsi oktyabrın 30-dan noyabrın 5-dək “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri“ adı altında bir sıra tədbirləri gerçəkləşdirib. ilk növbədə, bələdiyyənin inzibati binasının qarşısında “Yerli Demokratiya Həftəsində fəal iştirak edək!“ şüarı ilə əhaliyə çağırış edilib. Bələdiyyədə “Açıq qapı” günləri, “Qaynar xətt” telefon nömrəsi elan olunub. Bələdiyyə binasının 1-ci mərtəbəsində vətəndaşların rəy və müraciətlərini toplamaq məqsədi ilə “Poçt qutusu” quraşdırılıb.

Həftə ərzində müxtəlif müəssisə və məhəllələrdə seçicilərlə görüş keçirilib. Bələdiyyənin 2017-ci ilin 10 ayında gördüyü işlər, həyata keçirdiyi layihələr, 2018-ci ildə planlaşdırdığı fəaliyyətlər barədə hesabatlar hazırlanaraq sakinlərə çatdırılıb. Dörd məhəllə komitəsinin (“M.F.Axundzadə”, “Tərəvəzçilik”, “N.Nərimanov” və “Rabitə” məhəllə komitələrinin) illik hesabatları dinlənilib. Bələdiyyə üzvləri  tədris ocaqlarına baş çəkərək, “Yerli Demokratiya Həftəsi” ilə bağlı mövzular ətrafında  müzakirələr aparıblar. Tibb kollecində tələbələr “Mən bələdiyyə üzvü olsaydım…” adı altında yaşadıqları ərazilərdəki yerli problemlər barədə çıxışlar ediblər. 3 â„–-li beynəlmiləl məktəbdə şagird parlamentinin  üzvləri şəhərin ekoloji problemlərindən, Uşaq incəsənət Məktəbində yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi yollarından, Texniki-Humanitar liseyində yerli sosial məsələlərdən danışılıb.

Gənclər Evində “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzusunda toplantı keçirilib.

Görüşlərdə sakinlər tərəfindən müxtəlif təkliflər səsləndirilib. əsas təkliflər içməli suyun  keyfiyyəti, ağacların sulanması, məhəllədaxili yolların təmiri, məhəllələrdə idman qurğularının qurulması, məişət tullantılarının yığılması və daşınması, xeyir-şər mağarlarının təmiri, imkansızlara maddi yardımların artırılması və s. məsələlərlə bağlı olub. Təkliflərin ümumiləşdirilərək, bələdiyyənin növbəti il üçün fəaliyyət planına salınması nəzərdə tutulub.

Ümumi olaraq “Yerli Demokratiya Həftəsi”ndə vətəndaşlarla 16 görüş keçirilib, görüşlərdə 905 nəfər iştirak edib. Bələdiyyədə bələdiyyə sədri və üzvləri tərəfindən 152 nəfər qəbul olunub.

Yerli əhali vaxtaşırı “Yerli Demokratiya Həftəsi” çərçivəsində keçirilən tədbirlər barədə məlumatlandırılıb. Tədbirlər yerli mətbuatda, xəbər saytlarında işıqlandırılıb.

Yekun olaraq qeyd etmək olar ki, Mingəçevirdə “Yerli Demokratiya Həftəsi” Mingəçevir bələdiyyəsi tərəfindən uğurla həyata keçirildi.

Mingəçevir bələdiyyəsi 

ŞƏRHLƏR